“Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası”

İdmanla məşğul olmaq “sağlam bədəndə sağlam ruh” şüarının əsası kimi çıxış edir. İdmanın ictimai nüfuzunun və populyarlığının artmasında idman yarışlarının təşkili və keçirilməsi önəmli rola malikdir. İdman yarışlarında manipulyasiya halları isə cəmiyyətin idmana olan marağını azaltmaqla yanaşı, idmana və idmançıya qarşı olan ictimai inam və etimadın azalmasına da səbəb olur.

“Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası”
Bu cür neqativ hallarla beynəlxalq səviyyədə mübarizə aparmaq üçün 18 sentyabr 2014-cü ildə Avropa Şurası çərçivəsində İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya qəbul edilmişdir. Konvensiyanın əsas məqsədini idmanda şəffaflığın və idman etikasının qorunması məqsədilə idman yarışlarında manipulyasiya halları ilə mübarizə təşkil edir. Azərbaycan Respublikası 18 sentyabr 2014-cü ildə sözügedən Konvensiyanı imzalamışdır. Azərbaycanla yanaşı Rusiya, Fransa, Avstriya, Niderland, Danimarka, Gürcüstan Almaniya, İtaliya, Belçika və başqa dövlətlər də bu Konvensiyanı imzalayıblar. Konvensiyada üzv dövlətlər üçün nəzərdə tutulan öhdəliklərdən biri də qanunvericiliyə idman yarışlarında manipulyasiya hallarına səbəb olan əməllərin hüquqi məsuliyyətə səbəb olması ilə bağlı əlavə və düzəlişlərin edilməsidir. Bu məqsədlə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər edilmişdir.

Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununda idman yarışlarında manipulyasiyaya “şəxsin özünün və ya başqasının xeyrinə qeyri-qanuni üstünlük əldə etməsi üçün idman yarışlarının gedişatını və ya nəticəsini qəsdən dəyişdirməyə yönəlmiş əməli” kimi tərif verilir. Qanuna əsasən idman yarışlarında manipulyasiya hallarının yolverilməzliyi idman sahəsində dövlət siyasətinin əsas prinsipi kimi təsbit olunur və bu cür neqativ halların qarşısının alınması dövlətin bu sahədə əsas vəzifələrindən biri kimi müəyyən olunur.

Cinayət Məcəlləsinin 192-2 –ci maddəsində isə idman yarışlarında manipulyasiya əməllərinə görə ümumi və xüsusi subyektlər üçün cəzalar müəyyən edilir. Bu növ cinayətlərin qarşısını almaq məqsədilə Məcəllə həvəsləndirici norma kimi bu əməli törətmiş şəxsin bu barədə müvafiq dövlət orqanına könüllü məlumat verməsini və ya bu əməli ona qarşı tətbiq edilən hədə-qorxu nəticəsində etməsini cinayət məsuliyyətini istisna edən hal kimi müəyyən edir.

Maddə 192-2. İdman yarışlarının manipulyasiyası

192-2.1. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi –
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.2. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklifin və ya vədin qəbul edilməsi –
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.3. Bu Məcəllənin 192-2.1-ci və 192-2.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
192-2.3.1. təkrar törədildikdə;
192-2.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə –
altı ildən səkkiz ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.4. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, yaxud onların özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma və ya onların özünün və ya yaxın qohumlarının əmlakını tələf etmə hədəsi ilə onların hər hansı hərəkətləri etməsini və ya etməməsini tələb etmə –
üç ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.5. Bu Məcəllənin 192-2.4-cü maddəsində nəzərdə tutulmuş əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə –
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:
1. Bu Məcəllənin 192-2.1-ci, 192-2.2-ci və 192-2.4-cü maddələrində “idman yarışlarının manipulyasiyası” dedikdə şəxsin özünün və ya başqalarının xeyrinə qeyri-qanuni üstünlük əldə etməsi üçün idman yarışlarının gedişatını və ya nəticəsini qəsdən dəyişdirməyə yönəlmiş əməli (hərəkəti və ya hərəkətsizliyi) başa düşülür.
2. Bu Məcəllənin 192-2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs bu barədə müvafiq dövlət orqanına könüllü məlumat verdikdə və ya bu əməli ona qarşı tətbiq edilən hədə-qorxu nəticəsində etdikdə cinayət məsuliyyətindən azad edilir.
3. Bu Məcəllənin 192-2.2-ci maddəsində nəzərdə tutulmuş əməli öz xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar törətmiş vəzifəli şəxs bu Məcəllənin 311-сi maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunur.

Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Republikasının Qanununun 11.2.8-ci maddəsinə əsasən idman yarışlarında manipulyasiya hallarına qarşı mübarizə aparmaq idman federasiyalarının vəzifəsi kimi müəyyən edilir. Ölkədə futbolun idarəetməsini həyata keçirən qurum kimi AFFA futbol yarışlarında manipulyasiya hallarının qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirib.

İlk növbədə, AFFA İcraiyyə Komitəsinin 29 avqust 2016-cı il tarixində keçirilən iclasında “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə forması qəbul olunmuşdur. Komitənin qərarına uyğun olaraq həmin bəyannəmə peşəkar futbolla məşğul olan şəxslər tərəfindən imzalanması üçün ölkədə fəaliyyət göstərən bütün peşəkar futbol klublarına göndərilmişdir.

2017/18 futbol mövsümündən başlayaraq AFFA İntizam Məcəlləsi “Danışılmış oyunlara qarşı” xüsusi normalar müəyyən edir.

Maddə 45. Korrupsiya və rüşvət
45.1. AFFA, onun birbaşa və dolayı üzvlərinə və PFL əməkdaşlarına və ya oyunun rəsmi şəxslərinə rüşvət təklif edən, söz verən və ya təqdim edən rəsmi şəxslərə 5 il müddətinə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilir və klub 32 000 (otuz iki min) manat məbləğində cərimə olunur.
45.2. Korrupsiya və rüşvət haqqında toplanmış materiallar hüquq muhafizə orqanlarına göndərilməlidir.

Maddə 80. Danışılmış oyunlar

80.1. İdmançıya, idman hakiminə, məşqçiyə, sponsora, AFFA-nın hüquq tətbiqedici orqanlarının üzvlərinə, AFFA-nın və ya AFFA-nın üzvlərinin nümayəndələrinə, klub nümayəndələrinə və ya İntizam Məcəlləsinin tətbiq olunduğu digər şəxslərə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif edən, vəd edən və ya verən şəxslər
İki ilədək müddətə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə və ya ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə ilə cəzalandırılır.

80.2. İdmançı, idman hakimi, məşqçi, sponsor, AFFA-nın hüquq tətbiqedici orqanlarının üzvləri, AFFA-nın və ya AFFA-nın üzvlərinin nümayəndələrinə, klub nümayəndələri və ya İntizam Məcəlləsinin tətbiq olunduğu digər şəxslər tərəfindən hər hansı əməlin (hərəkət və ya hərəkətsizlik) edilməsinə görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin istənildiyi və ya alındığı, yaxud bu barədə təklifin və ya vədin qəbul edildiyi halda həmin şəxslər
İki ilədək müddətə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə və ya ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə ilə cəzalandırılır.
80.3. Əməlin ağırlıq dərəcəsindən asılı olaraq danışılmış oyunlarda iştirak etmiş klubun (komandanın) xalları silinir, aşağı diviziona keçirilir və ya yarışlardan kənarlaşdırılır. Əməlin ağırlığı işin obeyktiv və subyektiv cəhətləri nəzərə alınmaqla AFFA-nın müvafiq hüquq tətbiqedici orqanı tərəfindən qiymətləndirilir.
80.4. Bu maddə üzrə cəzalandırılan şəxslər 16000 (on altı min) manat məbləğində cərimə olunur.
80.5. İdmançı, idman hakimi, məşqçi, sponsor, AFFA-nın hüquq tətbiqedici orqanlarının üzvləri, AFFA-nın və ya PFL-in nümayəndələri, klub nümayəndələri və ya İntizam Məcəlləsinin tətbiq olunduğu digər şəxslər iştirak etdikləri oyunlar (və ya iştirak etmədikləri oyunlar) və yarışlarda oyunun nəticəsinin əvvəlcədən müəyyən olunması və buna cəhd barədə müvafiq orqanlara xəbər vermədikləri halda
İki ilədək müddətə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə və ya ağırlıq dərəcəsindən asılı olaraq ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə ilə cəzalandırılır.
80.6. Danışılmış oyunlar ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gələn, onları təzyiqlərə məruz qoyan, maddi və ya mənəvi ziyan vuran, təhqir və təhdid edən, şərəf və ya ləyaqətini alçaldan şəxslər
İki ilədək müddətə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə və ya ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə ilə cəzalandırılır və 16.000 (on altı min) manata qədər cərimə olunur.

Qeyd:
Danışılmış oyunlar dedikdə İntizam Məcəlləsinin tətbiq olunduğu şəxslərin özünün və ya başqalarının xeyrinə qeyri-qanuni üstünlük əldə etməsi üçün idman yarışlarının gedişatını və ya nəticəsini qəsdən dəyişdirməyə yönəlmiş hüquqa və idman qaydalarına və prinsiplərinə zidd əməli (hərəkəti və ya hərəkətsizliyi) başa düşülür.
Bu maddədə nəzərdə tutulmuş əməlləri törətmiş şəxslərin bu barədə dövlət orqanlarına, AFFA-ya və onun orqanlarına könüllü məlumat verməsi və ya həmin əməlləri ona qarşı tətbiq edilən hədə-qorxu nəticəsində etməsi AFFA-nın müvafiq hüquq tətbiqedici orqanı tərəfindən yüngülləşdirici hal hesab olunmaqla cəzanın tətbiqində nəzərə alına bilər. AFFA-nın müvafiq hüquq tətbiqedici orqanı qeyd olunan hallarda əməlin obyektiv və subyektiv cəhətlərini nəzərə almaqla şəxsi məsuliyyətdən azad edə bilər.
Bu maddədə nəzərdə tutulan əməllərin (hərəkət və ya hərəkətsizliklər) kütləvi təşkil olunan mərc oyunlarında mənfəət əldə etmək məqsədilə həyata keçirilməsi, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi, xeyli miqdarda mənfəət əldə etməklə törədilməsi və ya AFFA-nın hüquq tətbiqedici orqanının mülahizəsinə əsasən müəyyən etdiyi hər hansı digər hallar ağırlaşdırıcı hal kimi qiymətləndirilməklə AFFA-nın müvafiq hüquq tətbiqedici orqanı tərəfindən cəzanın tətbiqi zamanı nəzərə alınır.
Danışılmış oyunlar ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, AFFA-nın müvafiq hüquq tətbiqedici orqanları, onların nümayəndələri və ya vəzifələrindən irəli gələrək bu məlumata malik olan digər aidiyyəti şəxslər onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat danışılmış oyunlar ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Danışılmış oyunlar ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla və AFFA-nın qaydaları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 81. İdman mərc oyunlarında iştirak

Futbolçular, hakimlər, məşqçilər və rəsmi şəxslər iştirak etdikləri oyunlar və yarışların olduğu idman mərc oyunlarında iştirak edərlərsə, 8 000 (səkkiz min) manat məbləğində cərimə olunur və iki il müddətinə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir.

Eyni zamanda, futbol yarışlarında manipulyasiya halları ilə mübarizə məqsədilə AFFA müxtəlif beynəlxalq futbol qurumları ilə, o cümlədən FİFA və UEFA ilə həftəlik əsaslarla əməkdaşlıq edir. Bu məqsədlə AFFA nəzdində UEFA və AFFA tərəfindən təsis edilmiş və təsdiq edilmiş vəzifəni icra edən əməkdaş çalışır. Bu cür neqativ hallarla bağlı beynəlxalq futbol qurumları tərəfindən təqdim olunan təhlillər araşdırılması üçün yerli mütəxəssislərə təqdim olunur. Yerli mütəxəssislərin rəyi nəzərə alınmaqla qəbul edilmiş qərarlar barədə isə ictimaiyyət məlumatlandırılır.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, AFFA futbol ictimaiyyəti daxilində maarifləndirmə işlərini gücləndirmək məqsədilə, gələcəkdə futbol adına yaraşmayan “Danışılmış oyun” virusuna qarşı mübarizədə sıx əməkdaşlıq etmək üçün bütün klub/komandalar, futbolçular, məşqçilər, klub funksionerləri və sair təşkilat/şəxslər üçün maarifləndirmə proqramları çərçivəsində görüşlər və prezentasiyalar təqdim edir.

Eyni zamanda, Azərbaycan futbol “Premyer Liqası”nda və UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının lisenziyalaşdırılması üzrə qaydalarında “A” Dərəcəli meyar olaraq klublarda Danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxslər təyin edilmişdir. Danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs klubda fəaliyyət göstərən bütün komandaların fəaliyyətinə dair UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi ilə əlaqəli işləmək, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məlumat mübadiləsində sıx əməkdaşlıq etməlidir.

AFFA-nın bayrağı altında keçirilən və təşkil edilən yarışların yayım hüququ AFFA-ya məxsusdur və AFFA-nın nəzarəti ilə həyata keçirilməlidir
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 40.2-ci maddəsinə əsasən, bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin adlarından və simvollarından istifadə etmək hüququ yalnız onun təşkilatçılarına məxsusdur. Tədbirlərin keçirildiyi yerlərdə reklamların yerləşdirilməsi, tədbirlərin televiziya və radio vasitəsi ilə işıqlandırılması, eləcə də yayımların yazılışlarının və fotoçəkilişlərinin aparılması, tədbirlərdə istifadə olunan idman geyimləri, avadanlığı və ləvazimatlarının istehsalçılarının müəyyən edilməsi hüquqları bu tədbirlərin təşkilatçılarına məxsusdur.
AFFA-nın Nizamnaməsinin 65-ci maddəsinə əsasən, AFFA onun müvafiq səlahiyyəti altında olan bütün oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması üzərində müstəsna hüquqlara malikdir.
Oyunlar zamanı məlumat yayımı AFFA-nın nəzarətindədir və əvvəlcədən AFFA-nın belə yayım barəsində yazılı razılığı olmadan oyunların məlumat yayımı (audio-vizual, səs və digər formalarda), ötürülməsi qanunsuzdur və səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq məsuliyyət tədbirlərinin görülməsinə səbəb olacaq.
Eyni zamanda, oyun keçirilən stadion ərazisində məlumat yayımına səlahiyyəti olmayan şəxslər tərəfindən oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması zamanı bunu edən şəxslərin stadion ərazisindən çıxarılması və onların qanunsuz yayımının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi yerli klubların vəzifəsidir.
Müvafiq hüquqi sənədlər və qanunvericiliyin müddəalarını rəhbər tutaraq bu məsələyə həssas yanaşılması vacibdir.

Eyni zamanda, “Danışılmış oyunlara” qarşı məxfiliyin qorunması şərtilə məlumatların ötürülməsi məqsədilə AFFA ictimaiyyətin istifadəsi üçün qaynar telefon xətti və elektron ünvan təqdim etmişdir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir